13/06/2017 14:15

Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının təliminin növbəti mərhələsi keçirilib

Gürcüstan Müdafiə Nazirliyinin Vazianidəki 4-cü mexanikiləşdirilmiş briqadasının bazasında Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı-2017” təlimi davam edir.

“AzeriDefence”nin Gürcüstan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə, hava komponentlərindən də istifadə olununan təlimlərin növbəti mərhələsində üç ölkənin xüsusi təyinatlıları tərəfindən şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların evakuasiya olunması və digər tapşırıqlar icra olunub.

Təlimlərin gedişatını Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Zaza Çxaidze, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, polkovnik Dmitri Kikadze və Türkiyənin Gürcüstandakı səfiri Zəki Levent Gümrükçü izləyib.

Məlummatda o da qeyd olunub ki, “Qafqaz qartalı 2017” birgə hərbi təlimi üçüncü dəfədir keçirilir. Təlimlərin məqsədi üç ölkənin Xüsusi Təyinatlı Qüvvələri arasında əməkdaşlıq münasibətlərin genişləndirilməsi, bilik və təcrübə, eləcə də xüsusi əməliyyat imkanlarının inkişaf etdirilməsidir.

Təlimlər iyunun 14-dək davam edəcək.