09/08/2018 18:25

Azərbaycan HDQ-nin gözətçi gəmisi “Mühafiz” döyüş modulu ilə silahlandırılıb

“Dəniz Kuboku-2018” beynəlxalq yarışına cəlb olunmuş Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) G-124 gözətçi gəmisi Türkiyənin ASELSAN şirkətinin istehsalı olan 30 mm “Mühafiz” döyüş modulu ilə silahlandırılıb.

“AzeriDefence”nin məlumatına görə, yarışın gedişatında “Mühafiz”dən suüstü və hava hədəflərinə qarşı dəqiq atışlar icra olunub.

30 mm çaplı “Mühafiz” stabilləşdirilmiş top sistemi döyüş gəmilərində, gözətçi, sahil təhlükəsizlik katerlərində və amfibiya-desant gəmilərində istifadə edilmək üçün yaradılmış distans idarə edilən silah sistemləri ailəsinin ən yeni nümunəsidir. “Mühafiz” sistemi iki istiqamətli sursat saxlama qabiliyyətinə malikdir və eyni anda iki müxtəlif növ sursat istifadə edilir.

“Mühafiz” sistemində optik görüş və silah nişangahı sistemin montaj edildiyi platformanın hərəkətlərinə bağlı olmadan hədəf üzərində qala bilməsi üçün ayrı-ayrı stabilləşdirilib. Gecə və pis görmə şərtlərində adi gözlə görünməyən hədəflərin müəyyən edilməsi, avtomatik tanınması, təqibi və bu hədəflərə atəş etməyə imkan verir. Sistem, avtomatik hədəf təqibi və balistik hesablama qabiliyyətinə malik olub üzərinə yerləşdirilmiş olduğu platforma və ya hədəf hərəkət halında olduqda belə yüksək dəqiqliklə atəş açmağa imkan verir.