15/08/2019 10:13

Azərbaycan HDQ-nin komandası “Dəniz Kuboku”nun qalibi olub

Müdafiə Nazirliyi Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsinin mətbuat konfransı və bağlanış mərasimi keçirilib.

“AzeriDefence” xəbər verir ki, yarışlarda Azərbaycan, Rusiya, Qazaxıstan və İranı təmsil edən komandalar birincilik uğrunda mübarizə aparıb.

Mətbuat konfransında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri 1-ci dərəcəli kapitan Sübhan Bəkirov, Rusiyadan 1-ci dərəcəli kapitan Sergey Yekimov, Qazaxıstandan 1-ci dərəcəli kapitan Kanat Niyazbekov, İrandan 1-ci dərəcəli kapitan Hüseyn Həsəni tədbir haqqında fikirlərini səsləndirib.

Bildirib ki, yarışlar avqustun 1-dən etibarən start götürüb ki, 1-5 avqust tarixlərində komandalar texniki və digər məsələlərlə bağlı hazırlıqları yerinə yetirib, tədbirin keçiriləcəyi ərazi və təşkilatçılıqla tanış olublar. 6-15 avqust tarixlərində yarışlar keçirilib.

Müsabiqə zamanı dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanaqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayıb.

Yarışın nəticələrinə əsasən ilk yeri Azərbaycan HDQ – nin komandası qazanıb. Digər yerlərə müvafiq olaraq Rusiya, Qazaxıstan və İran dənizçiləri sahib olublar.

Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ nümayəndələri isə yarışlarda müşahidəçi qismində iştirak edib.

Qeyd edək ki, Azərbaycan hərbçiləri BOO-2019 yarışları çərçivəsində keçirilən “Tank biatlonu”, “Artilleriya atəşi ustaları”, “Dəniz Kuboku”, “Hərbi tibbi estafet”, “Səhra mətbəxi” və “Snayper həddi” müsabiqələrində iştirak ediblər.