17/01/2018 13:17

Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən qış hərbi təlimlərində iştirak edirlər

Gürcüstanın Saçxeri Dağ Təlim Mərkəzində Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin də iştirak edikləri Əsas Qış Dağ Təlimi kursu başlayıb.

Bu barədə “AzeriDefence” Gürcüstan Müdafiə Nazirliyinə istinadən xəbər verib.

NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı” (PFP) çərçivəsində keçirilən hərbi təlimlərə, həmçinin Gürcüstan, Latviya, Polşa və Ermənistandan olan hərbçilər də qatılıblar.

Kurslarda hərbçilər dağlıq ərazilərdə qarlı havada manevr etmək, axtarış-xilasetmə tədbirlərinin təşkili, qar uçqunları altında qalmış insanlara ilkin tibbi yardımın göstərilməsi, onların təxliyəsi və s. barədə bilik və bacarıqlarını artıracaqlar.

NATO üzvü və tərəfdaş ölkələrinin 13 hərbi qulluqçusunun iştirak etdiyi kursu müvəffəqiyyətlə başa vuran hərbçilərə sertifikatlar və döş nişanları təqdim olunacaq.

Əsas Qış Dağ Təlimi kursu fevralın 2-də başa çatacaq.