01/08/2018 14:16

Azərbaycan hərbçilərinin iştirakı ilə Gürcüstanda NATO təliminə start verilib

Gürcüstanın Vaziani hərbi bazasında NATO-nun “Layiqli Tərəfdaş 2018” (Nobel Partner 2018) çoxmillətli hərbi təliminin açılış mərasimi keçirilib.

“AzeriDefence”nin Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hərbi təlimlərdə 13 ölkə – Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna, Azərbaycan və Ermənistan iştirak edir.

Bildirilib ki, builki təlimlər əvvəlkilərə nisbətən daha geniş miqyaslıdır. Vaziani hərbi aerodromunda və poliqonunda, Norio təlim bazasında keçirilən “Etibarlı Tərəfdaş 2018” çoxmillətli hərbi təlimlərində 3000-dən çox NATO və tərəfdaş ölkələrin hərbi qulluqçusu iştirak edir. Təlimə cəlb edilən ABŞ hərbi aviasiyası və Almaniya zirehli texnikasının sayı da artırılıb.

Məlumatda o da qeyd olunub ki, “Etibarlı Tərəfdaş” hərbi təlimləri Gürcüstanda 4-cü dəfədir ki, keçirilir. Təliminin məqsədi NATO standartlarını tətbiq etməklə NATO/SNT və tərəfdaş qüvvələrin bölük səviyyəsində bölmələrinin uzlaşmasını və çöl vərdişlərini təkmilləşdirmək, eləcə də müxtəlif tapşırıqları icra etməkdir. Bu ilin əsas hədəfi Qara dəniz hövzəsində sabitlik, müdafiə və hücum əməliyyatlarında hərbçilərin bacarıqlarının artırılması və təhlükəsizlik mühitinin yaranmasına kömək etməkdir.