31/07/2018 12:05

Azərbaycan HHQ-nin gəmiləri və şəxsi heyəti tam hazır vəziyyətə gətirilib

Bakıda keçiriləcək “Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində yarışlara qatılacaq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti tam hazır vəziyyətdədir. Beynəlxalq yarışların şəffaf və yüksək səviyyədə keçirilməsi üçün Müdafiə Nazirliyinin rəhbərliyi hər cür şərait yaradıb.

“AzeriDefence” məlumatına görə, bunu yarışlarda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov mətbuat konfransında bildirib.

Sübhan Bəkirov bildirib ki, “Beynəlxalq Ordu Oyunları – 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq. Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar. Hərbçilərimiz, həmçinin İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

Yarışlarda müşahidəçi qismində Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Rusiya Hərbi Dəniz Donanmasının komandasının “Dəniz Kuboku–2018” yarışlarına tam hazır olduğunu deyən Rusiya nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Yekimov yarışların keçirilməsi üçün yaradılan mükəmməl şəraitə görə təşəkkürünü bildirib. O, bu yarışın Rusiya komandası üçün əhəmiyyətli olduğunu vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov və İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Şaxram Həbibi yarışlara hazırlığın yüksək səviyyədə olduğunu bildiriblər. Qonaqlar bu yarışda yenidən iştirak etməkdən məmnunluqlarını bildiriblər.

Mətbuat konfransında, həmçinin iştirakçı heyətlər tərəfindən döyüş hazırlığı poliqonlarına çıxış, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə məşqlərin keçirilməsi haqqında ətraflı məlumat verilib. Bundan başqa, müsabiqəyə cəlb olunan gəmilərə, xüsusi texnikalara, silahlara jurnalistlərin iştirakı ilə baxış keçirilib, onların təyinatına dair qısa brifinq verilib.