14/09/2019 22:25

Azərbaycan HHQ-nin Mobil İdarəetmə Qülləsinin NATO ekspertlərinə təqdimatı keçirilib

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Mi-17 helikopter cütlüyünün 1-ci səviyyəli NATO qiymətləndirilməsi təlimində 2018-ci ildə HHQ-nin istifadəsinə verilmiş Mobil İdarəetmə Qülləsinin təqdimatı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, NATO ekspertləri ASELSAN şirkəti tərəfindən istehsal edilmiş Mobil Qüllənin hava hərəkətinin idarə edilməsi işi ilə tanış olub, imkanlarını bəyəniblər.

2018-ci ildə HHQ-nin istifadəsinə verilmiş Mobil İdarəetmə Qülləsi 6×6 təkər formuluna malik KAMAZ markalı nəqliyyat vasitəsinin şassində yerləşir. Qülləyə ASELSAN şirkətinin istehsalı olan proqramlaşdırılmış radiostansiya, 2 operator bölməsi, səs qeydə alma cihazları, habelə meteostansiya daxildir. Qüllə HHQ-nin radarları, aerodrom avadanlıqları, mərkəzləşdirilmiş hava hərəkətinə nəzarət və döyüş idarəetmə sistemləri ilə inteqrasiya olunur.

Qüllə müvəqqəti aerodromlarda, sabit idarəetmə məntəqələri sıradan çıxmış hava limanlarında, axtarış-xilasetmə əməliyyat zonalarında istifadə üçün nəzərdə tutulur.