14/09/2019 00:02

Azərbaycan HHQ-nin yaranmasından 100 il ötür

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaranmasından 100 il ötür.

“AzeriDefence”nin məlumatına görə, hərbi nazir general Səməd bəy Mehmandarovun 14 sentyabr 1919-cu il tarixində imzaladığı əmrlə Azərbaycan Ordusunun tərkibində aviadəstə yaradılıb.

Hərbi nazirin 19 avqust 1919-cu il tarixli №370 əmri ilə Teymur bəy Əfşar bu aviadəstənin komandiri təyin edilib.

Aviadəstənin ilk 9 nəfərlik heyəti Tiflisdə aviasiya məktəbində üç aylıq kurslar keçib.

1920-ci ildə HHQ-nin gücləndirilməsi məqsədi ilə ADR hökuməti 2 hidroplan və 6 ədəd aeroplan almaq niyyətində olsa da Qırmızı Ordu tərəfindən ölkənin işğalı digər planlar kimi bunun da gerçəkləşməsinə mane olub.

Azərbaycan HHQ ikinci dəfə 1992-ci ilin fevral ayında bərpa edilib. 8 aprel 1992-ci il tarixində pilot Vaqif Qurbanovun MDB-nin Sitalçay aerodromundan Su-25 tipli döyüş təyyarəsini qaçırması ilə HHQ ilk təyyarəsinə sahib olub.

1992-1994-cü illərdə qısa zamanda təmir edilərək Qarabağda hərbi əməliyyatlara cəlb olunan aviasiya vasitələrindən 12 təyyarə və 8 helikopter Ermənistan silahlı qüvvələri tərəfindən vurulub, 5 təyyarə (onlardan biri qeyri-azərbaycanlı pilot tərəfindən Ermənistana endirilib) isə qeyri-döyüş şəraitində itirilib.

1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanmasından sonra ordu quruculuğuna start verən rəsmi Bakı I Qarabağ müharibəsində aviasiyanın oynadığı mühüm rolu nəzərə alaraq, ilk növbədə hərbi aviaparkını gücləndirməyə diqqət yetirdi. Yeni təyyarə və helikopterlərin alınması, mövcud aviaparkın modernizə edilməsi istiqamətində fəaliyyətlərə başlandı. Bu çərçivədə Azərbaycan 1998-ci ildə Qazaxıstandan 8 ədəd MiQ-25 tipli döyüş təyyarəsi satın alaraq müharibədə itirilmiş aviasiya gücünün bəlli qismini bərpa etmiş oldu.

Azərbaycan HHQ-nin müasirləşdirilməsinin əsas mərhələsi 2003-cü ildən başlayır. 2005-2018-ci illərdə Azərbaycan HHQ-nin müasirləşdirilməsi istiqamətində proqramların icrasına başlayıb.

BMT Adi Silahlar Registrinin hesabatlarından, eləcə də alıcı və satıcı dövlətlərin açıqladıqları informasiyalara görə, 2003-2018-ci illərdə Azərbaycan Ukrayna, Rusiya, Belarus, Gürcüstan və Pakistandan ümumilikdə 63 döyüş və təlim təyyarəsi, Rusiya və Ukraynadan isə 84 döyüş və hərbi nəqliyyat helikopteri alıb.

Göstərilən illər ərzində Azərbaycan Gürcüstandan 13 ədəd Su-25, Ukraynadan 12 ədəd L-39 təlim, 16 ədəd MiQ-29, Belarusdan 12 ədəd Su-25 tipli döyüş, Pakistandan 10 ədəd MFİ-395 “Super Muşşak” təlim, Ukraynadan 12 ədəd Mi-24 (1 ədəd Mi-24R), Rusiyadan 24 ədəd Mi-35M döyüş helikopteri, 40 ədəd Mi-8/Mi-17V1/Mi-171, habelə 4 ədəd Ka-32 tipli helikopter, ABŞ istehsalı olan 4 ədəd “Bell 412” tipli yüngül nəqliyyat, MD-530F xüsusi əməliyyat helikopteri alıb. Bu helikopterlərdən 4 ədəd Ka-32 və 6 ədəd Mi-17 Fövqəladə Hallar Nazirliyi üçün konfiqurasiya edilib. Qalan helikopterlər isə müvafiq olaraq HHQ, DSX və DİN Daxili Qoşunlarının aviasiya dəstələrinin xidmətinə verilib.

Yeni aviasiya vasitələrinin satın alınması ilə birlikdə 2013-cü ildən etibarən HHQ-nin silahlanmasındakı MiQ-21, MiQ-25, Su-24 və L-29 tipli təyyarələr konservasiya edilib.