23/11/2016 17:39

Azərbaycan ilə İran arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, eləcə də hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, regional problemlər də müzakirə olunub.

İran Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Bakıya dostluq səfərinin yüksək səviyyədə həyata keçirilməsindən məmnunluq ifadə edən səfir bu cür səfərlərin qarşılıqlı və intensiv şəkildə təşkil olunmasının vacibliyini xüsusi qeyd edib.

Hərbi sahədə əlaqələrin perspektivlərinə toxunan tərəflər bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən mütəxəssislərin iştirakı ilə iki ölkənin Müdafiə Nazirliklərinin hərbi-texniki əməkdaşlıq üzrə müştərək komissiyasının yaradılması barədə fikir mübadiləsi aparıblar.