16/11/2017 14:13

Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb – VİDEO

Noyabrın 16-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Özbəkistanın müdafiə naziri, general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xdmətindən məlumat verilib.

Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. Müdafiə nazirləri arasında əvvəl təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Z.Həsənov bildirib ki, Azərbaycan və Özbəkistan arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə ciddi təhdid olduğunu diqqətə çatdırıb.

Özbəkistanın müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar və ordu quruculuğundakı nailiyyətlər barədə məlumatlı olduğunu qeyd edərək bu təcrübədən istifadə edilməsində maraqlı olduqlarını bildirib.

Tərəflər Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafının hər iki ölkənin yerləşdiyi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyini xüsusi vurğulayıblar.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil, sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün yekununda Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Sonra Özbəkistan nümayəndə heyəti Silahlı Qüvvələrin Baş Qərargahının inzibati binasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeyi ziyarət edib, digər xidməti otaqlardakı iş şəraiti ilə tanış olub.

Mərkəzi Komanda Məntəqəsinə gələn qonaqlar videobağlantı vasitəsilə birliklər və qoşun növləri ilə birbaşa əlaqə saxlayıblar.