25/11/2016 13:02

Azərbaycan ilə Qətər arasında hərbi əlaqələrin inkişafı müzakirə olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər Dövlətinin Azərbaycana yeni təyin olunmuş səfiri Yusif bin Həsən Əl-Saai ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, səfiri təbrik edən nazir ona Azərbaycan ilə Qətər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan-Qətər münasibətlərinin genişləndirilməsində ölkə rəhbərlərinin səylərini xüsusi vurğulayan nazir ölkələrimiz arasında hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini deyib.

Diplomat isə öz növbəsində Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələr arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ölkələr arasında mövcud əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.