28/09/2017 17:28

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib – FOTO

Sentyabrın 28-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında əvvəl təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Z.Həsənov bildirib ki, Azərbaycanda və Türkiyə arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparılır, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan strateji tərəfdaşlıq daim inkişaf edir.

Z.Həsənov bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə ciddi təhdid olduğunu diqqətə çatdırıb.

Son illər Azərbaycanda və Türkiyədə hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edən Z.Həsənov gələcəkdə bu cür təlimlərin sayının artırılmasının vacibliyini xüsusi vurğulayıb.

Prezidenti İlham Əliyevlə görüşündən məmnunluq hissi ilə danışan türkiyəli nazir Azərbaycan və Türkiyə əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, Yüksək Səviyyəli Hərbi Dialoq çərçivəsində fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.