14/01/2019 20:02

Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair zirvə görüşü keçirilib

Yanvarın 14-də Ankarada Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair zirvə görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Türkiyənin Müdafiə Sənayesi Başkanlığında təşkil olunan görüş 2018-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” sazişin müddəalarına uyğun olaraq həyata keçirilib.

Görüşdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və birlik, müəssisələrinin rəhbərlərindən ibarət geniş tərkibdə nümayəndə heyəti, Türkiyənin ASELSAN, ROKETSAN, AYESAŞ, TAİ, “Çukurova” və digər qabaqcıl müdafiə sənayesi şirkətlərinin rəhbərləri iştirak edib.

Görüş zamanı Türkiyənin təmsil olunan şirkətlərinin fəaliyyətləri ilə bağlı təqdimatlar keçirilib.

Tədbirdə Azərbaycan ilə Türkiyə arasındakı müdafiə sənayesi üzrə mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub və bir sıra yeni əməkdaşlıq layihələrinin icrası ilə bağlı qarşılıqlı razılıqlar əldə edilib.

Sonda iclasın yekununa dair protokol imzalanıb.

Səfər çərçivəsində nümayəndə heyətini Türkiyənin müdafiə sənayesi başkanı İsmayıl Dəmir qəbul edib.