17/02/2017 20:31

Azərbaycan ilk dəfə olaraq “Dəniz kuboku-2017”yə ev sahibliyi edəcək

Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti bununla bağlı Rusiyaya səfərə gedib  

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, səfərin məqsədi Beynəlxalq hərbi oyunlar çərçivəsində “Dəniz kuboku-2017” yarışlarının təşkili təcrübəsini öyrənməkdir.

Rusiya Hərbi Dəniz Qüvvələri komandanının müavini, vitse-admiral Aleksandr Fedotenkov və rusiyalı hərbi dənizçilərlə görüşən Azərbaycan nümayəndə heyəti adıçəkilən ölkənin HDQ komandanlığında olub, ötən illərdə keçirilən yarışların təşkili haqda məlumatlandırılıblar.

Azərbaycan nümayəndə heyəti hərbi dənizçilər üçün tədris-təlim trenajorlarının istehsalı üzrə ixtisaslaşan müəssisəsində, o cümlədən Mərkəzi hərbi dənizçilik muzeyində olublar.

Məlumatda o da qeyd olunub ki, 2017-cı ilin avqustunda Azərbaycan ilk dəfə olaraq “Dəniz kuboku” hərbi oyunları yarışına ev sahibliyi edəcək.

“Dəniz kuboku-2017” adlanan yarışlar suüstü gəmilər arasında Xəzərin Azərbaycana aid olan ərazi sularında keçiriləcək. Açılış mərasimi Azərbaycan HDQ-nın Puta qəsəbəsində yerləşən bazasında reallaşacaq.

Yarışların keçirilməsi dənizçilər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, dostluq münasibətlərinin genişlənməsi, döyüş hazırlığı və hərbi dənizçilik sahəsində təcrübənin artması məqsədi daşıyır.

Səfərdə Azərbaycan nümayəndə heyətinə HDQ komandanı vəzifəsini icra edən, 1-ci dərəcəli kapitan Zaur Hümbətov rəhbərlik edir.

Xatırladaq ki, indiyə qədər bütün yarışlar Rusiyanın Xəzərdəki ərazi sularında keçirilib.