14/06/2018 12:51

Azərbaycan istehsalı olan NST-14.5 snayper tüfəngi nümayişə çıxarılıb- EKSKLÜZİV / FOTOLAR

Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri tərəfindən yaradılmış NST-14.5 iriçaplı snayper tüfəngi ilk dəfə olaraq Azərbaycandan kənarda – beynəlxalq müdafiə sərgisində nümayiş etdirilir.

“AzeriDefence”nin Fransanın paytaxtı Paris şəhərində keçirilən “Eurosatory-2018” sərgisində iştirak edən əməkdaşının verdiyi məlumata görə, snayper tüfəngi MSN stendində ziyarətçilərə təqdim olunub.

İlk nümunəsi 2016-cı ilin sentyabr ayında ADEX-2016 sərgisində təqdim olunan NST-14.5 snayper tüfənginin çəkisi 21 kq, uzunluğu 1900 mm, qundağı yığıldıqda isə 1600 mm təşkil edir. Tüfəng 4 patron tutumlu darağa və əllə tək-tək doldurulma (bolt action) prinsipinə malikdir. Nişangah mənzili 1600 metr təşkil edən NST-14.5 tüfəngində sola qatlanan və hündürlüyü tənzimlənən qundaq və xüsusi olaraq hazırlanmış ağız əyləci tətbiq edilir. Snayper tüfəngi yaxşılaşdırılmış erqonomikaya sahibdir.

Hazırda snayper tüfənginin sınaqları davam edir.

Qeyd edək ki, NST-14.5 snayper tüfəngi öz quruluşuna və dizaynına görə MSN-in həm “İstiqlal”, həm də “Yalquzaq” silah xəttindən fərqlənir və dizayn olaraq “Truvelo” şirkətinin 14.5 mm çaplı CMS snayper tüfənginə bənzəyir.