28/01/2016 18:16

Azərbaycan MSN-nin aprel ayında Malayziyada keçirilən hərbi sərgidə iştirakı gözlənilir

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin aprel ayının 18-dən 21-dək Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində DSA-2016 (Defence Services Asia 2016 /DSA 2016) 15-ci Asiya Müdafiə Xidmətləri Sərgisində iştirakı nəzərdə tutulur.

Bu barədə “AzeriDefence” sərginin saytına istinadən məlumat verib.

Sərgidə MSN-nin iştirakçı qismində təmsil olunması və Azərbaycan məhsullarının ikinci dəfə Malayziyada region ölkələri üçün nümayiş etdirilməsi gözlənilir.

DSA-2016 sərgisi Malayziyanın müdafiə naziri Hişammuddin Tun Hsüeynin (Hishammuddin Tun Hussein) hamiliyi altında keçirilir.

Bu ilki sərginin ekspozisiyası 41000 kvadratmetr sahəni əhatə edir. Sərgidə 60 ölkədən 1200 şirkət öz məhsullarını nümayiş etdirəcək.

DSA-2016 sərgisində ziyarətçi qismində 45 ölkədən 300 VİP nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi 2014-cü ilin aprel ayında qatıldığı DSA-2014 sərgisində Azərbaycan müəssisələrində istehsal edilmiş 132 adda müdafiə təyinatlı məmulatı nümayiş etdirib.