10/05/2019 22:07

Azərbaycan MSN Belarusda hərbi sərgiyə qatılacaq

Mayın 15-də Belarus Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə  Minsk şəhərində MILEX-2019 IX beynəlxalq silah və hərbi texnika sərgisi keçiriləcək.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, 4 gün davam edəcək sərgi çərçivəsində VIII Müdafiə və Təhlükəsizlik Sahəsində Hərbi-Texniki Əməkdaşlıq Sualları üzrə Beynəlxalq Elmi Konfrasın keçirilməsi planlaşdırılır. Tədbirdə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də təmsil olunacaq.

2001-ci ildən etibarən iki ildən bir keçirilən MILEX sərgisinə MSN bu günə qədər rəsmi heyətlə ziyarətçi qismində qatılıb. İştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan bu sərgidə nazirlik ilk dəfə stendlə təmsil olunacaq və məhsullarını mümayiş etdirəcək. Bununla bağlı müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Minskdə səfərdə olacaq.

Hərbi təyinatlı məhsulların istehsalında daxili tələbatın qarşılanması ilə yanaşı, ixrac imkanlarının genişləndirilməsini də nəzərə alan MSN sərgidə əsasən ixrac yönümlü n snayper tüfənglərini, avtomatları, hücum pulemyotlarını, qumbaraatanları, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və s. nümayiş etdirəcək.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Belarusun dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.

Qeyq edək ki, Müdafiə Sənayesi Nazirliyi bu günə qədər 40-dan çox beynəlxalq sərgiyə qatılıb və məhsullarını nümayiş etdirib.