21/02/2019 16:45

Azərbaycan müdafə nazirinin müavini Türkiyəyə səfər edib – FOTO

Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2019” davam edir.

“AzeriDefence”nin Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu gün təlimləri müdafiə naziri Hulusi Akar, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər izləyib. Təlimdə Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev də iştirak edib. O cümlədən təlimlərin gedişatını 42 ölkənin hərbi attaşesi izləyib.

Qeyd edək ki, təlimdə 15 ölkədən hərbçilər iştirak edir. Təlimin ssenarisinə əsasən qarlı və şaxtalı havada təyyarə, eləcə də helikopterlərdən endirilən taktiki hava desantı qrupları ən çətin tapşırıqları praktiki yerinə yetirirlər. O cümlədən təlimin ssenarisinə əsasən Azərbaycan hərbçiləri sərt iqlim və çətin relyef şəraitində keçirilən antiterror əməliyyatları zamanı döyüş, eləcə də dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyyəsi elementlərini məşq ediblər.

Təlimdə iştirak edən digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çoxmillətli qış təlimində Azərbaycanı layiqincə təmsil edirlər.