21/11/2018 14:39

Azərbaycan müdafiə naziri, Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri arasında üçtərəfli görüş keçirilib – VİDEO

Noyabrın 21-də Bakı şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia arasında üçtərəfli görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.

Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər.

Sonda görüşün yekunlarına dair birgə protokol imzalanıb, kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq təşkil olunub.