21/10/2016 13:41

Azərbaycan Müdafiə Nazirliyi: “Ermənistan təmas xəttində vəziyyəti gərginləşdirməyə çalışır”

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin qoşunların təmas xəttində vəziyyəti gərginləşdirməyə yönələn addımlar atdığını bildirib.

Bu barədə “AzeriDefence”yə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, erməni tərəfinin guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumat həqiqətə uyğun deyil və növbəti dəfə qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlib.

Nazirlik qeyd edib ki, Azərbaycan Ordusunun bölmələri kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və heç bir itki verməyib. Hazırda bütün cəbhə xətti boyu əməliyyat şəraiti tam nəzarət altındadır.

Düşmənin törədə biləcəyi istənilən təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusu tərəfindən görüləcək cavab tədbirləri daha qətiyyətli və sərt olacaqdır.