11/01/2017 22:34

Azərbaycan Ordusu “Qasırğa”larını Naxçıvanda göstərdi – FOTO

Azərbaycan Ordusunun silahlanmasına daxil olmuş T-300 “Qasırğa” uzun mənzilli raket sistemi ilk dəfə görüntülənib.

“AzeriDefence”nin məlumatına görə, “Qasırğa” kompleksi ilk dəfə yanvarın 11-də prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Əlahiddə Ümumqoşun Ordusunun silahlanmasında nümayiş olunub.

Prezidentə Əlahiddə Ümumqoşun Ordusunun inventarındakı “Qasırğa”nın buraxıcı kompleksi və yükləyici maşını göstərilib.

Azərbaycan Müdafiə Nazirliyinin Türkiyənin ROKETSAN şirkətinə sifariş verdiyi “Qasırğa” komplekslərinin çatdırılmasına 2014-cü ilin sentyabr ayında başlanıb və proses 2016-cı ildə yekunlaşıb. Sistemlərin çatdırılması ilə yanaşı onu idarə edən heyətə də müvafiq təlimlər keçirilib.

KAMAZ avtomaşınlarının şassisi üzərində yerləşən Azərbaycan “Qasırğa”ları universal dizayna malikdir.

ROKETSAN şirkətinin İdarə Heyətinin sədri Emin Alpman “Azeri Defence” jurnalına müsahibəsində Azərbaycana idarəolunan “Qasırğa” raketlərinin ixrac olunması barədə razılaşmanın imzalandığını bildirib.

T-300 “Qasırğa” kompleksinin atış mənzili 105 km, yeni hazırlanmış TRG-300 idarə olunan raketlərlə 120 km-dir. GPS və İNS naviqasiyasına malik TRG-300 raketinin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. TRG-300 raketinin uzunluğu 5.24 metr, ağırlığı 585 kiloqramdır.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun silahlanmasındakı “Qasırğa”lar İrəvan şəhəri də daxil olmaqla, Ermənistan Respublikasının dərinlikdəki strateji hədəflərini vurmaq imkanı qazandırır.