15/03/2018 17:12

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı mərhələsi keçirilib – FOTO – VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu mərhələdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, əks-zərbə endirməklə müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirib.

Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müxtəlif təlim poliqonlarında yeni silah sistemlərinin də istifadəsilə motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışları, praktiki raket buraxılışları və bombalama icra edib.

Səhra komanda məntəqəsində olan müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən rəhbər heyətin qoşunları idarəetmə bacarığını, hərbi qulluqçuların döyüş tapşırıqlarını icraetmə qabiliyyətini yüksək qiymətləndirib, təlimlərdə peşəkarlıq nümayiş etdirmiş zabit və əsgərlərin təltif edilməsi haqda göstəriş verib.

Qeyd edək ki, təlimlərə 25 000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Təlimlər martın 17-dək davam edəcək.

it və əsgərlərin təltif edilməsi haqda göstəriş verib.