16/06/2017 10:20

Azərbaycan Ordusunun İrəvanı kəşfiyyat edə biləcək yeni pilotsuz uçuş aparatı – FOTO

Naxçıvan Muxtar Respublikasında keçirilmiş Azərbaycan-Türkiyə birgə hərbi təlimində Əlahiddə Ümumqoşun Ordusunun istifadəsində olan bir sıra yeni silah sistemləri də istifadə edilib.

“AzeriDefence”nin məlumatına görə, təlimin son günü Muxtar Respublika rəhbərliyinin də iştirakı ilə hərbi texnikalara keçirilən baxış zamanı Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində yer alan “Orbiter-3” kiçik taktiki pilotsuz uçuş aparatı ilk dəfə nümayiş etdirilib.

Müdafiə Sənayesi Nazirliyinin İsraiilin “Aeronautics” şirkəti ilə birgə qurduğu “Azad Systems” şirkətində istehsalına ötən il başlanmış “Orbiter-3” PUA-ı sələfi “Orbiter-2” PUA-dan daha geniş imkanlara malikdir.

“Orbiter-3” PUA 7 saat əməliyyat imkanına və 100 km (LOS- anten gördükdə 150 km) uçuş məsafəsinə, 5500 metr uçuş tavanına, 130 km/saat sürətə malikdir. “Orbiter-3” 20 dəqiqə ərzində hazır vəziyyətə gətirilir. Elektrik mühərriki ilə çalışan PUA səssiz uçur və katapultdan atılmaqla hərəkətə gətirilir. Enmə zamanı paraşütdən və hava yastığından istifadə olunur.

PUA-nın faydalı yükünə özündə gündüz və gecə optik kamerasını və lazer işarələyicini birləşdirən stabilləşdirilmiş T-STAMP elektro-optik kompleksi daxildir. Əməliyyat ehtiyaclarına uyğun olaraq PUA müxtəlif növ kameralarla təchiz edilə bilər.

Buludların üzərində olduğu zaman belə kəşfiyyat apara bilən “Orbiter-3” PUA siqnal kəşfiyyatı (SIGINT) apara, GPS və data link olmadan hərəkət edərək öz tapşırığını yerinə yetirə bilir. Kompozit füzelyaja malik PUA-nın kiçik silueti onun gizli əməliyyatlar aaparmasına imkan yaradır.

Mütəxəssislərin sözlərinə görə, radarlara aşkarlanmayan “Orbiter-3” vasitəsi ilə Naxçıvandan Ermənistanın ərazisindəki istənilən obyektin kəşfiyyatını aparmaq, düşmənin cəbhənin gerisindəki hərəkətini “canlı yayımla” izləmək mümkündür.

“Orbiter-3” PUA-nın əsas üstünlüklərindən biri də düşmənin görmə xəttindən kənardakı hədəflərini lazerlə işarələyərək idarə olunan mərmi və raketlərin həmin hədəfləri dəqiqliklə vurmasını təmin etməsidir.

Qeyd edək ki, “Azad Systems Co” şirkəti MSN və “Aeronautics Defense Systems” şirkətinin iştirakı ilə 2011-ci ildə yaradılıb.