27/02/2018 14:56

Azərbaycan Ordusunun NATO ilə birgə əməliyyatlar üçün bəyan etdiyi qüvvələrin qiymətləndirilməsi keçiriləcək

Bu ilin may ayında Azərbaycan Ordusunun NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) üçün bəyan etdiyi kəşfiyyat bölüyünün ikinci səviyyəli özünüqiymətləndirmə təlimi keçiriləcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyindən məlumat verilib.

ƏİK kəşfiyyat bölüyünün təliminin davamı olaraq, sentyabr ayında Hərbi Hava Qüvvələrinin “Mi-17” helikopter cütlüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə, eləcə də Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun 1-ci səviyyəli NATO qiymətləndirmə təlimlərinin keçirilməsi planlaşdırılır.

Buna qədər isə, 2018-ci ilin aprel ayında Azərbaycanda NATO və tərəfdaş ölkələrinin hərbi qulluqçuları üçün ƏİK məlumat bazası təlim kursunun keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ƏİK proqramı Ordunun müvafiq bölmələrinin müasir döyüşün  tələblərinə və inkişaf etmiş dövlətlərin müəyyən etdiyi standartlara uyğun hazırlanması, o cümlədən NATO-nun zəruri əməliyyat qabiliyyətlərinə nail olması baxımından çox əhəmiyyətli bir mexanizmdir. Bu proqramla əldə edilmiş təcrübə və bilik bölmələrimizin beynəlxalq əməliyyatlarda və təlimlərdə peşəkar səviyyədə iştirakını təmin edərək, təmsilçilik imkanlarının və nüfuzunun artırılmasına imkan yaradır. Azərbaycan 2004-cü ilin aprel ayında ƏİK Ortaq Qüvvələr Birliyinə bir motoatıcı bölük, 2010-cu ilin avqust ayından isə bir tabor bəyan edib. 2015-ci ildə ƏİK kəşfiyyat bölüyü, 2016-cı ildə isə 1 “Mi-17” helikopter cütlüyü və Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Qrupu ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan edilib. 29 may – 3 iyun 2017-ci il tarixlərdə ƏİK taborunun 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi müvəffəqiyyətlə keçirilib və tabor NATO-nun “Döyüşə hazır” sertifikatını təsdiq edib.