02/04/2018 10:24

Azərbaycan Ordusunun uğurlu aprel əməliyyatından 2 il ötür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin uğurlu aprel döyüşlərindən 2 il ötür.

“AzeriDefence”nin məlumatına görə, 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin Qarabağ cəbhəsinin cənubunda (Füzuli rayonu) və şimalında (Tərtər-Naftalan) istiqamətində genişmiqyaslı təxribat planlarını aşkarlayaraq qabaqlayıcı zərbə endirib, əks həmlələrlə Lələtəpə yüksəkliyi (cənubda), Tərtər rayonunun Talış kəndi ətrafındakı strateji yüksəkliklər azad edilib, Seysulan kəndi istiqamətində mövqelər azad edilmiş ərazilər hesabına irəli çəkilərək cəbhənin konfiqurasiyası dəyişdirilib.

2016-cı il aprel döyüşləri Azərbaycan Ordusunun 1994-cü ilin may ayında imzalanmış atəşkəs müqaviləsindən sonra cəbhədə gerçəkləşdirdiyi ən böyük və uğurlu döyüş olub. Döyüşlərdə Azərbaycan Ordusu tərəfindən düşmənin 30-a yaxın tank, PDM və digər hərbi texnikası, 25-dən çox artilleriya vasitələri, 500-ə yaxın canlı qüvvəsi məhv edilib, sıradan çıxarılıb, çox sayda silah, döyüş sursatı qənimət olaraq ələ keçirilib. Məhv edilənlər arasında düşmənin yüksək rütbəli zabitləri də olub.

Aprel ayının 5-də cəbhədə atəşkəsin təmin edilməsi barədə Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında razılaşma əldə olunmasına baxmayaraq, erməni tərəfi yaşayış məntəqələrini və dinc sakinləri beynəlxalq konvensiyalarla qadağan olunmuş döyüş sursatlarından da istifadə etməklə atəşə tutmaqda davam edib.

Cəbhədə vurulmuş erməni tankının qalığı

Aprel döyüşlərində Azərbaycan Ordusu istifadəsində olan yeni nəsil (böyük əksəriyyəti 4 və 5-ci nəsil) döyüş vasitələrindən istifadə edərək düşmənə sarsıdıcı zərbə endirib. Bunun nəticəsində Qarabağdakı erməni hərbi birləşmələrində sonrakı dövrdə fərarilik və narazılıq halları baş qaldırıb.

Azərbaycanda isə aprel döyüşləri vətəndaşlar arasında milli birliklə yadda qaldı. İctimaiyyətin bütün təbəqələri ordunun yanında olduqlarını bəyan edərək, könüllü şəkildə döyüşmmək üçün hərbi hissələrə müraciətlər etdilər.

Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad edilməsi həm də Cəbrayıl rayonunun Azərbaycan Ordusunun nəzarətində olan yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndinin bərpa edilməsinə və əhalinin doğma torpağına qayıdışına şərait yaratdı.