26/06/2018 06:55

Azərbaycan Ordusunun yaranmasından 100 il ötür – TARİX

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 100 il ötür.

“AzeriDefence” xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri 1918-ci il iyun ayının 26-da Gəncə şəhərində general Əliağa Şıxlınskinin I Dünya Müharibəsində başçılıq etdiyi “Vəhşi diviziya” süvari alayının əsgərlərindən formalaşdırılmış 5000 nəfər şəxsi heyəti olan Əlahiddə Azərbaycan korpusu adı altında yaradılıb.

23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin ordusu bu dövrdə Muğanda asayişin bərpasında və separatçı rejimin likvidasiyasında, eləcə də Qarabağda ermənilərlə uğurlu döyüş əməliyyatları aparıb. Əsgəran qalasının alınması ilə Qarabağda ermənilərə ağır zərbə endirilib.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri ixtisasca həkim Xosrov bəy Sultanov olub. Sonrakı illərdə hərbi nazir postuna bir müddət Fətəli xan Xoyski və general Səməd bəy Mehmandarov, ordunun Baş Qərargah rəisi postuna Süleyman bəy Sulkeviç və Əbdülhəmid bəy Qaytabaşı başçılıq edib.

1991-ci il sentyabr ayının 4-də Ali Sovetin (indiki Milli Məclis) qərarı ilə Müdafiə Nazirliyi, oktyabr ayının 9-da isə Silahlı Qüvvələr yaradılıb.

1991-2018-ci illərdə Azərbaycanın müdafiə nazirləri general-leytenant Valeh Bərşadlı, general-mayor Tacəddin Mehdiyev, polkovnik Şahin Musayev, polis generalı Tahir Əliyev, Rəhim Qazıyev (mülki şəxs), general-mayor Dadaş Rzayev, general-mayor Səfər Əbiyev (əvəz edib), general-mayor Vahid Musayev, general-leytenant Məmmədrəfi Məmmədov, general-polkovnik Səfər Əbiyev və general-polkovnik Zakir Həsənov rəhbərlik edib. Müasir Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri isə general-leytenant Valeh Bərşadlı, general-mayor Nurəddin Sadıxov və general-polkovnik Nəcməddin Sadıkov olub.

Bu gün Azərbaycan Silahlı Qüvvələri özünün döyüş qabiliyyəti və maddi-texniki bazasına görə regionda və dünyada ən güclü ordular sırasında qərarlaşıb.