20/06/2018 19:27

Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində ordumuzun yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanda Ordu quruculuğu və hərb elmi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsini qeyd edərək ümummilli lider Heydər Əliyevin Cümhuriyyət ordusu ilə başlanan hərb tariximizi, ordu quruculuğu təcrübəsini yeni bir səviyyəyə qaldırdığını, müasir, müstəqil ordumuzun əsasını qoyduğunu və Azərbaycanın müstəqilliyini qorumağa qadir olan bir ordunun memarına çevrildiyini xüsusi vurğulayıb.

Bildirilib ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer tutmaqdadır və bu nailiyyətin əldə edilməsi ordu quruculuğuna Ali Baş Komandan İlham Əliyevin gündəlik diqqətinin və qayğısının nəticəsidir.

Sonda Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr edilmiş kitablar tədbir iştirakçılarına təqdim edilib.