09/11/2018 13:19

Azərbaycan Prezidenti ABŞ nəqliyyat komandanını qəbul edib

Prezident İlham Əliyev noyabrın 9-da ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında möhkəm tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən siyasi, iqtisadi, enerji və müdafiə sahələrini əhatə etdiyini dedi və uzun tarixə malik əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə edib. ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafında rolunuvurğulayan dövlət başçısı Əfqanıstanda ölkələrimizin beynəlxalq sülh və sabitliyə töhfə verdiklərini bildirərək, Azərbaycanın bu ölkədə sülhməramlı əməliyyatlarda iştirak edən ilk dövlətlərdən biri olduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycanın orada iştirak edən əsgərlərinin sayının bu yaxınlarda daha da artırıldığını və Azərbaycanın Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına töhfələrinin, NATO ölkələrinə göstərdiyi nəqliyyat-logistika dəstəyinin NATO üzv dövlətləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Bu baxımdan dövlət başçısı NATO mənzil-qərargahına son səfərini və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasındakı çıxışını xatırlayaraq, orada əməkdaşlığımızın səviyyəsinə böyük önəm verildiyinin şahidi olduğunu qeyd edib. Əfqanıstanla ikitərəfli münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, bu münasibətlər böyük önəm daşıyır və ölkəmiz Əfqanıstan hökumətinə müxtəlif sahələrdə öz yardım və dəstəyini göstərir. Bu baxımdan Prezident İlham Əliyev Əfqanıstanda sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfə vermək məqsədilə keçən il Azərbaycanın “Asiyanın Qəlbi-İstanbul Prosesi” çərçivəsində yüksək səviyyəli tədbirə ev sahibliyini etdiyini bildirib.

Azərbaycanda nəqliyyat infrastrukturu, o cümlədən avtomobil və dəmir yolları, hava və dəniz limanlarına böyük həcmdə investisiya qoyulduğunu bildirən Prezident İlham Əliyev Azərbaycanın nəinki regionda, daha geniş məkanda ən güclü nəqliyyat infrastrukturuna malik ölkələrdən biri olduğunu deyib.

Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını bildirib.

ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyons isə Prezident İlham Əliyevə Bayraq Günü münasibətilə öz təbriklərini çatdırıb. O bildirdi ki, Azərbaycan ilə ABŞ arasında strateji əlaqələr çox böyük önəm daşıyır. Stefen Lyons Azərbaycanın Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına nəqliyyat sahəsinə böyük dəstək verdiyini və bunun yüksək qiymətləndirildiyini bildirib. General Əfqanıstanda xidmət etmiş hərbçi kimi Azərbaycanın bu ölkədə yüksək səviyyədə həyata keçirtdiyi işlərin şahidi olduğunu deyib.