18/10/2017 20:34

Azərbaycan prezidenti: Əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər sərhədlərimizdən keçməsin

Oktyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçılarını qəbul edib.

“AzeriDefence” xəbər verir ki, prezident İlham Əliyev bildirib ki, Azərbaycan MDB məkanında bir çox mühüm işlərdə fəal iştirak edir: “Əlbəttə, təhlükəsizliyin, sərhədlərin qorunmasının möhkəmləndirilməsi bizim bütün ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizin və xalqlarımızın təhlükəsizliyinin əsasıdır. Bizim vətəndaşların normal, rahat həyatı da çox cəhətdən sizin rəhbərlik etdiyiniz xidmətlərin uğurlu fəaliyyətindən asılıdır. Buna görə də heç şübhəsiz, bizim ölkələrimizin rahat, normal, sabit inkişafı da sizin aranızda əməkdaşlıqdan, informasiya mübadiləsindən, qarşılıqlı fəaliyyətdən asılıdır”.

Azərbaycanda sərhəd xidmətinin infrastrukturunun, bütövlükdə sərhəd xidmətinin inkişafına çox böyük diqqət yetirildiyini bəyan edən dövlət başçısı bildirib ki, son illərdə sərhədlərin möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı sahəsində çox iş görülüb. İlham Əliyev qeyd edib ki, bu sahə təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm sahələrdən biridir.

“Təəssüf ki, bizim ölkələrimizin yerləşdiyi regionlarda, bütövlükdə dünyada risklər artır. Buna görə, əlbəttə ki, səylərin əlaqələndirilməsi, informasiya mübadiləsi və təhlükəli hallara qarşı birgə mübarizə bizim təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda vəziyyət sabitdir, ölkə uğurla inkişaf edir, daxili risklər və potensial təhlükələr yoxdur. Buna görə, əlbəttə, biz əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər bizim sərhədlərdən keçməsin. Biz bunu, əlbəttə, öz qonşularımızla, MDB ölkələri ilə əlaqələndirilmiş şəkildə təmin edirik.

Əlbəttə ki, beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri bugünkü gündəlikdə başlıca yer tutur. Bu gün praktiki olaraq bütün beynəlxalq sammitlərdə ekstremizmə, mütəşəkkil cinayətkarlığa, narkotrafikə qarşı mübarizə ən aktual mövzulardır. Təbii ki, bizim ölkələrimiz bütün bu müasir təhdidlərə və təhlükələrə adekvat şəkildə cavab verməlidir. Mən şadam ki, bütövlükdə MDB məkanında vəziyyət kifayət qədər sabitdir. Xüsusilə bugünkü dünyada bir sıra regionlarda çox həyəcanlı proseslər – sabitliyin pozulması, daxili münaqişələr, müharibələr, qanlı toqquşmalar getdiyi vaxtda biz əlbəttə ki, öz ölkələrimizin təhlükəsizliyini möhkəmləndirməliyik və ölkələrimiz arasında, o cümlədən sizin başçılıq etdiyiniz sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verməliyik.

Mən əminəm ki, Komandanlar Şurasının iclası yüksək səviyyədə keçiriləcək və müzakirə olunacaq məsələlər ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmlənməsinə, sərhədlərin qorunmasının möhkəmlənməsinə gətirib çıxaracaq”.