30/10/2019 18:09

Azərbaycan Prezidenti: Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb

Müstəqil Dövlətlər Birliyi məkanında da təəssüf ki, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi faktları var.

“AzeriDefence”nin məlumatına görə, bunu MDB Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən 77-ci iclasının iştirakçıları ilə görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb: “Ermənistanda meydanlara, küçələrə onun adı verilib. Bir neçə il bundan əvvəl isə Ermənistan paytaxtının mərkəzində ona təqribən 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adam deyirdi ki, “Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölür”. Bu adam SMERŞ tərəfindən tutularaq uzunmüddətli həbs cəzasına məhkum edilib və onun şərəfsiz ömrü Vladimir həbsxanasında başa çatıb. Bax, belə bir “xadim”ə heykəl qoyulub və bu heykəl indiyə qədər götürülməyib”.

Prezident İlham Əliyev həm dövlət başçılarının, həm də Ermənistanın yeni rəhbərliyinin diqqətini bu məqama cəlb etdiyini, MDB məkanında bunun yolverilməz hərəkət olduğunu vurğulayıb.

“Ermənistanın yeni rəhbərliyi özünün faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə assosiasiya edilməsinə imkan verməməlidir. Təəssüf ki, bu heykəl indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur. Erməni tərəfi deyir ki, o da qəhrəmanların xatirəsinə ehtiram bəsləyir. Bu, nonsensdir, ona görə ki, onlar faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir, yəni, əslində, bu mənfur əməllərə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsinin təhqir edildiyini görürük. Buna görə biz öz tərəfimizdən bundan sonra da həm Birlik ölkələrinin, həm də digər dövlətlərin ictimaiyyətinin bu məsələyə diqqətini Qələbənin 75 illiyinə hazırlıq prizmasından cəlb edəcəyik”, – deyə İlham Əliyev bildirib.