01/12/2017 21:14

Azərbaycan prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev dekabrın 1-də Azərbaycan vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən xəbər verib.

Sərəncama əsasən, 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983-1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.