15/08/2016 01:05

Azərbaycan prezidenti Rusiyanın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əlaqələrimizin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, iki ölkənin dövlət başçılarının görüşü zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasının əlaqələrimizin müxtəlif sahələrini əhatə edən məsələlərin, həmçinin regional təhlükəsizlik məsələlərinin həllinə imkan verəcəyi qeyd olunub.

Prezident İlham Əliyev qeyd edib ki, bu yaxınlarda Rusiyada keçirilən Beynəlxalq Ordu Oyunlarında Azərbaycan komandasının ilk dəfə çıxış etməsini nəzərə alsaq, nəticəni uğurlu hesab etmək olar. Azərbaycan Prezidenti Rusiya komandasının həmin oyunlarda qələbəsi münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Sergey Şoyqu Prezident Vladimir Putinin Azərbaycana səfərinin və səfər zamanı prezident İlham Əliyev ilə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb. S. Şoyqu Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin Rusiyada keçirilən Beynəlxalq Hərbi Oyunlarda fəal iştirakını məmnunluqla qeyd edib.