20/10/2016 22:37

Azərbaycan RPQ-26 reaktiv qumbaraatanların istehsalına başlayır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) RPQ-26 tank əleyhinə reaktiv qumbaraatanın seriyalı istehsalına başlayacaq.

“AzeriDefence”nin məlumatına görə, seriyalı istehsalına hazırlıq işləri davam edən RPQ-26 qumbaraatanının nümunəsi sentyabr ayının sonunda Bakıda keçirilmiş ADEX-2016 sərgisində MSN stendində nümayiş etdirilib.

Kumulyativ döyüş başlıqlı, 72.5 mm çaplı RPQ-26 qumbaraatanın çəkisi 2,9 kq, atış məsafəsi 250 metr təşkil edir. Reaktiv qumbara ən azı 400 mm qalınlığında zirehi, 1000 mm qalınlığında dəmir-betonu, 1500 mm qalınlığında kərpici, 2400 mm qalınlığında taxta tikililəri dəlmə gücünə malikdir.

Qumbaraatanların Azərbaycan Ordusuna tədarükü ilə yanaşı ixracı da həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanın hərbi zavodlarında RPQ-7 qumbaraatanının seriyalı istehsalı və ixracı həyata keçirilir.