26/07/2019 16:19

Azərbaycan sərhəçiləri İran dənizçilərini xilas etdilər

Bu gün saat 14:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İranın bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzində “AzeriDefence”yə verilən məlumata görə, cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

Heyət xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.