18/08/2019 11:05

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür

Bu gün Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 100 ili tamam olur.

“Azeri Defence”nin məlumatına görə, Azərbaycan Sərhəd Mühafizəsinin yaranma tarixi Azərbaycan Demokratik Respublikası parlamenti tərəfindən 1919-cu il avqust ayının 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul olunduğu gündən götürülür.

Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, 1991-ci ilin dekabr ayının 9-da Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqənda” qanun qəbul edilib və dekabr ayının 16-da müstəqil Azərbaycanın ilk sərhəd mühafizə orqanı – Dövlət Sərhədinin Mühafizəsi Komitəsi (DSMK) yaradılıb.

1992-ci ilin aprel ayından etibarən Azərbaycanda yerləşən SSRİ Sərhəd Qoşunlarına məxsus hərbi hissələrin təhvil alınmasına başlanıb və bu proses 1993-cü ilin aprel ayında yekublaşlb.

1992-ci oktyabr ayının 9-da DSMK ləğv edilərək Sərhəd Qoşunları Baş İdarəsi kimi Milli Təhlükəsizlik Nazirliyinin tabeliyinə verilib. Ulu öndər Heydər Əliyevin 31 iyul 2001-ci il tarixli fərmanı ilə Dövlət Sərhəd Xidməti müstəqil sərhəd mühafizə orqanı olaraq yaradıb. Sərhəd Mühafizəsinin qarşısına yeni tələblər qoyulub.

Bu gün Azərbaycanın quru və dəniz sərhədlərini mühafizə edən DSX özünün təminat və təchizatına, şəxsi heyətinin peşəkarlığına görə postsovet məkanında sayılıb seçilən sərhəd mühafizə qurumlarındandır.

Məlumat üçün bildirək ki, müstəqillik dövründə Azərbaycan Sərhəd Mühafizəsinə general-mayor İsgəndər Allahverdiyev, general-mayor Abbasəli Novruzov və general-polkovnik Elçin Quliyev rəhbərlik ediblər.