28/05/2018 14:58

Azərbaycan sərhədçiləri bayraqlarla yürüş etdilər –  FOTO / VİDEO

May ayının 27-də Azərbaycanın Gürcüstan, İran İslam Respublikası və Rusiya Federasiyası ilə dövlət sərhədində, həmçinin Xəzər dənizində sərhəd sularında ulu öndər Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş süvari və gəmi yürüşləri təşkil olunub.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

DSX-nin ən nümunəvi hərbi qulluqçularının iştirak etdiyi sərhədçi yürüşlərinə quru sərhədlərində süvari dəstələr, sərhəd sularında isə DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri cəlb olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində üçrəngli dövlət bayrağını dalğalandıran yürüş iştirakçıları Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfindən doğan iftixar hisslərini ifadə edib, torpaqlarımızı işğaldan azad etməyə və bütün sərhədlərimiz boyu dövlət bayrağımızı yüksəltməyə hər an hazır olmalarını bildiriblər.