11/09/2015 20:42

Azərbaycan sərhədçiləri tərəfindən 28 sərhəd pozucusu tutulub

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən avqust ayı ərzində Azərbaycanıın dövlət sərhədini pozduqları üçün 23 halda 28 nəfər saxlanılıb.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Onların 19 nəfəri Azərbaycan, 2 nəfəri İran, 2 nəfəri Özbəkistan, 2 nəfəri Malaziya, hər ölkədən bir nəfər olmaqla Rusiya Federasiyası, Qırğızıstan və Qazaxıstan vətəndaşları olub.

 

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 10 nəfər, Xəzər dənizində 20 halda 28 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 428 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 10 kiloqram 575,9 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 513 min manat olan qaçaqmal, o cümlədən 6 413 000 Rusiya rublu, 7501 ABŞ dolları, 7411 ədəd pirotexniki maddə, pnevmatik tapança üçün 76 ədəd lülə, 1 kiloqram barıt, 1 ədəd beşbarmaq, 4125 qutu siqaret, 1 ədəd qayıq, 58 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.