04/10/2018 10:34

Azərbaycan sərhədçilərindən dənizdə əməliyyat – qaçaqmalçılar saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Astara rayonunun Şahağacı kəndi istiqamətində naməlum üzmə vasitəsi aşkar olunub və hərəkəti nəzarətdə saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, DSX Sahil Mühafizəsinin həmin istiqamətdə xidmət aparan sərhəd gözətçi gəmisinə göstərilən əraziyə doğru hərəkət etməsi göstərişi verilib, eyni zamanda Astara və Lənkəran rayonları üzrə sahilboyu həssas nöqtələr nəzarətə götürülüb.

Aşkar olunmuş üzmə vasitəsi qısa müddət ərzində Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsini tərk edib. Həmin üzmə vasitəsinin ərazi sularımızdakı hərəkət trayektoriyası və koordinatları əməliyyat müşahidəsinə götürülüb. İki nəfər heyət üzvü ilə rejim sularına çıxmış “KƏ-226” bort nömrəli “Mariner-75” mühərrikli taxta qayığın həmin koordinatlara yaxınlaşması müəyyən edilib. Həmin qayıq sahilə yan alarkən sərhədçilərə tabesizlik göstərərək dənizdə sahildən 200 metr məsafədə manevrlər edib, hərəkət zamanı qayıqdan 2 ədəd bağlama suya tullanılıb.

Qayığın heyət üzvləri – Astara rayon sakinləri 1977-ci il təvəllüdlü Şabanov Ramin Naib oğlu və 1995-ci il təvəllüdlü Əlizadə Niyaz Rufulla oğlu saxlanılıb, qayığın manevr etdiyi koordinatlara baxış keçirilib və dənizə onlar tərəfindən atılmış 2 ədəd bağlama aşkar olunaraq götürülüb. Baxış zamanı bağlamalarda ümumi çəkisi 2 kq 200 qram olan heroin olması müəyyən edilib.

İlkin araşdırma zamanı saxlanılan şəxslər həmin narkotik vasitələrin onlar tərəfindən götürülməsini və sahilə çıxarkən sərhədçilərin keçirdiyi yoxlama zamanı ifşa olunacaqlarından ehtiyat etdikləri üçün dənizə tullamalarını etiraf ediblər.

Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.