09/03/2018 13:09

Azərbaycan sərhədçilərindən dənizdə əməliyyat – qaçaqmalçılar saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində Xəzər dənizində sərhədin pozulmasının qarşısı alınıb.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, mart ayının 8-də gecə saat 01:25 radələrində Astara rayonu ərazisində DSX Sahil Müha­fizəsi tərəfindən naməlum üzmə vasitəsinin dövlət sərhədini pozaraq Azərbaycanın sərhəd su­­la­rına daxil olması haqqında məlumat daxil olub.

Üzmə vasitələrinin hərəkətləri nəzarətdə saxlanılmaqla həmin istiqa­mətdə dövlət sərhədinin mühafizəsində olan sər­həd gözətçi gəmisinə müvafiq tapşı­rıqlar veril­ib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöq­tələrdə xidmət təşkil olunub.

Açıq dənizə doğru 25 düyün sürətlə hərəkət edən üzmə vasitəsi sərhəd gözətçi gəmiləri və iti sürətli katerlər vasitəsilə təqib edilmiş, səs və sayrışan işıqlarla “Dayan” siqnalları verilib. Hədəfə 250 metr məsafədə havaya xəbər­darlıq atəşi açılıb, gəmilərin manevrlərilə üzmə vasi­təsinin sürətinin azaldıl­masına nail olunub. 2 saat 5 dəqiqə müd­dətində təqibdən sonra üzmə va­sitəsi saxlanılaraq baxış keçirilib.

Baxış zamanı dövlət sərhədini pozmuş “Yamaha 150” mühərrikli layner tipli üzmə vasitəsindəki şəxslərin İran İslam Respubikasının vətəndaşları – 1985-ci il təvəllüdlü Mehran Yusif Nicat Tağı oğlu və 1984-cü il təvəllüdlü Camzəmi İsmayıl Şahvildi oğlu olmaları müəyyən edilib. Üzmə vasitəsində və sərhəd pozucularının üzərində 2 ədəd smartfon tipli telefon, 1 ədəd “Garmin” tipli GPS qurğusu, 1 ədəd fənər, 1 ədəd bıçaq və 9 həb “Tramadol” dərman preparatı aşkarlanıb.

Dövlət sərhədini pozmuş üzmə vasitələrinin saxlanılması üzrə keçirilmiş əməliyyat çərçivəsində sahilboyu ərazilərdəki qapadılma tədbirləri nəticəsində “Vel” sahil nəzarəti məntəqəsinin xidməti sahə­sində 7-ci yanalma körpüsünün yaxınlığında 3 bağlamada 74 ədəd 1 litrlik “Qubernator” arağı aşkarlanıb.

İlkin araşdırma zamanı 2018-ci ilin 15 fevral tarixində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sərhəd naryadları tərəfindən saxla­nılmış 39 ədəd bağlamada 450 ədəd 1 litrlik şüşə qablarda arağın və 20 şüşə “Baltika-9” pivəsinin də məhz bu cinayətkar qrup tərəfindən qeyri-qanuni olaraq dəniz yolu ilə ölkə əra­zisindən çıxarılmasına cəhd edilməsi müəyyən olunub.

Cinayətkar qrupun digər üzvlərinin tutulması istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.