11/06/2018 10:51

Azərbaycan silahları “Eurosatory-2018” sərgisində – FOTOLAR

Fransanın paytaxtı Paris şəhərində “Eurosatory-2018” beynəlxalq müdafiə sərgisi işə başlayıb.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, iyunun 15-dək davam edəcək sərgidə dünyanın 63 ölkəsindən 1700-dən çox şirkət iştirak edir. Sərgidə ilk dəfə olaraq Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) də təmsil olunur.

Sərgidə MSN müəssisələrində istehsal edilən 270 adda, silah, sursat, müxtəlif müdafiə təyinatlı məhsul əyani şəkildə və broşür-kataloq formatında nümayiş etdirilir.

Sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti təmsil edir.

“Eurosatory-2018” sərgisində eyni zamanda sentyabr ayında Bakıda keçiriləcək ADEX-2018 üçüncü beynəlxalq müdafiə sərgisi barədə məlumatlar da təqdim olunur.

Sərgidə MSN-in nümayiş etdirdiyi məhsullar arasında Milli Aerokosmik Agentlik (MAKA) yaradılmış yeni döyüş modulu ayrıca təqdim olunur. Bundan əvvəl -2017-ci ilin may ayında döyüş modulu “Tufan” MRAP üzərində Türkiyədə keçirilmiş İDEF-2017 sərgisində nümayiş etdirilib.

Döyüş modulu 300 patronluq sursat ehtiyatına malik 12.7×108 mm çaplı NSVT pulemyotu ilə silahlandırılıb. İki müstəvili, elektromexaniki stabilizasiya sisteminə sahib modulun üfiqi dönmə bucağı 360 dərəcə, şaquli dönmə bucağı +60, -10 dərəcə təşkil edir. Bundan başqa, modulun üzərində gündüz və gecə kamerası, həmçinin lazer məsafəölçən quraşdırılıb. Bütün bu təchizat döyüş modulu ilə gündüz vaxtı 5000 metr, gecə vaxtı 800 metr məsafədə hədəfləri izləməyə, 2000 metr məsafədə hədəflərə atəş açmağa imkan verir.

Sərgidə həmçinin MSN müəssisələrində istehsal edilən 5.45 və 7.62 mm çaplı avtomatlar, NST-14.5 iriçaplı, “Yalquzaq”, “Yırtıcı” və “Vaşaq” snayper tüfəngləri, RPQ-7V2 əl qumbaraatanı və sursatı, RBG-40 revolver tipli əl qumbaraatanı, UP-7.62 universal, HP-7.62 hücum pulemyotları, tapançalar, müxtəlif kalibrli döyüş sursatları, ““Orbiter-2” pilotsuz uçuş aparatı, 82 mm-lik minaatan əyani şəkildə, habelə Matador”, “Marauder”, “Gürzə” və “Tufan” maşınların maketləri nümayiş etdirilir.