30/04/2019 11:01

Azərbaycan silahları İDEF-2019 beynəlxalq müdafiə sərgisində – FOTOLAR

Türkiyənin İstanbul şəhərində İDEF-2019 beynəlxalq müdafiə sərgisi işə başlayıb.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşlarının verdikləri məlumata görə, TÜYAP Sərgi və Konqre Mərkəzində keçirilən sərgidə Türkiyə və dünyanın müxtəlif dövlətlərindən təxminən 900 şirkət iştirak edir.

Sərgidə VİP ziyarətçi qismində iştirakla bağlı Türkiyənin Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Müdafiə Sənayesi Komitəsi tərəfindən 144 ölkənin müdafiə nazirinə, qoşun komandanlarına və tədarükə məsul qurumlarına rəsmi dəvət məktubları göndərilib.

İDEF sərgisinə altıncı dəfə qatılan Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) sərgidə geniş məhsul çeşidlərini sərgiləyir. MSN stendində pilotsuz uçuş aparatları və zirehli maşınların maketləri ilə yanaşı Azərbaycan müəssisələrində istehsal edilən atıcı silahlar, snayper tüfəngləri, minaatanlar, habelə döyüş sursatları nümayiş etdirilir. MSN nümayəndə heyətinə nazir müavini Yəhya Musayev rəhbərlik edir.

Sərginin ilk günü bir sıra ölkələrin nümayəndə heyətləri Azərbaycan MSN-in stendinə baş çəkərək sərgilənən məhsullarla maraqlanıb, istehsalçı müəssisələrin rəhbərləri ilə görüşlər keçiriblər.

Sərgidə ziyarətçi qismində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini, Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqovun rəhbərlik ettdiyi nümayəndə heyətləri də iştirak edirlər. Azərbaycan nümayəndə heyətləri sərgidə dünyanın aparıcı şirkətləri tərəfindən istehsal edilmiş məhsullarla tanış olub, əməkdaşlığın inkişaf etdirilməsi, yeni silah və texnikaların tədarükünə dair müzakirələr aparıblar.

İDEF-2019 sərgisinə ziyarətçi qismində Azərbaycandan özəl sektor müdafiə şirkətlərindən də nümayəndə heyətləri qatılıb.

Sərgidə Azərbaycandan AZERİ DEFENCE jurnalı da rəsmi media tərəfdaş qismində iştirak edir və stendlə təmsil olunur.