11/04/2019 12:16

Azərbaycan silahları Türkiyədə İDEF-2019 sərgisində nümayiş olunacaq

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (Azərsilah ASC) aprel ayının 30-dan may ayının 3-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2019 beynəlxalq müdafiə sərgisində iştirak edəcək.

“AzeriDefence”nin məlumatına görə, bununla altıncı dəfədir İDEF sərgisinə qatılan MSN sərgidə Azərbaycanda istehsal edilmiş 250-dən çox məhsul barədə informasiyaları təqdim edəcək. Sərgidə həmçinin Azərbaycan müəssisələrində istehsal edilmiş bəzi silahlar, döyüş sursatları və texnikalar əyani şəkildə nümayiş etdiriləcək.

Qeyd edək ki, MSN 2009-cu ildən başlayaraq İDEF sərgisində iştirak edir.

“AzeriDefence”nin sərginin təşkilat komitəsindən əldə etdiyi məlumata görə, İDEF-2019 sərgisinin açılış mərasiminə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dəvət olunublar.

Qeyd edək ki, sərgidə iştirakçı qismində MSN ilə yanaşı Azərbaycandan “Azeri Defence” jurnalı (rəsmi media tərəfdaş qismində) iştirak edirlər.