11/03/2019 21:33

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bolqarıstanlı həmkarı ilə görüşüb

Azərbayca Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Bolqarıstana rəsmi səfəri başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İlk olaraq general-polkovnik N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib, önünə əklil qoyub.

Sonra general-polkovnik N.Sadıkov Bolqarıstanlı həmkarı general Andrey Botsev ilə görüşüb.
A.Botsev vurğulayıb ki, Bolqarıstan Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir.  Azərbaycan ilə Bolqarıstan arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.

Bolqarıstana səfərindən məmnunluğunu bildirən general-polkovnik N.Sadıkov iki ölkə arasında hərbi münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahədə mövcud əməkdaşlığın perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.