13/11/2017 22:19

Azərbaycan şirkəti “Dubai Airshow-2017” sərgisində təmsil olunur

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində dünyanın ən böyük aviasiya və kosmik texnologiyalar sərgilərindən olan “Dubai Airshow-2017” sərgi və aviaşousu keçirilir.

“AzeriDefence”nin məlumatına görə, sərgiyə Azərbaycandan da ziyarətçi və iştirakçı qismində nümayəndə heyətləri qatılıb.

Sərgidə ziyarətçi qismində Azərbaycandan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətləri, habelə Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov qatılıblar.

Sərgidə iştirakçı qismində isə “Azairtechservice” şirkəti təmsil olunur. Şirkətin stendində həmçinin Hərbi Hava Qüvvələrinin balansında yer alan aviasiya təmiri zavodlarının imkanları tanıdılır.

Qeyd edək ki, “Azairtechservice” şirkəti “Dubai Airshow” sərgisində 2000-ci illərin əvvəllərindən iştirak edir.