06/08/2019 16:17

Azərbaycan şirkəti reaktiv mühərrikli PUA-nın sınaqlarını başa çatdırıb

Azərbaycanın “Buta Armor Technologies” şirkəti (BAT) reaktiv mühərrikli pilotsuz uçuş aparatını sınaqdan keçirib.

Bu barədə “Azeri Defence” jurnalına müsahibəsində şirkətin baş direktoru Ramin Əhmədov məlumat verib.

Şirkət rəhbərinin sözlərinə görə, bir ilə yaxındır üzərində iş gedən layihə çərçivəsində 450-500 km/saat maksimal sürət əldə olunub.

“Bu PUA-mız hər növ hava hədəfinin döyüş imitasiyasını yaratmağa imkan verir. Üzərində mövcud olan cihazlar sayəsində təlim sonrası bütün məlumatların analizini çıxara bilirik. Bu PUA tək hava hücumundan müdafiə bölmələrinin raket komplekslərinin sınaqlarını keçirmək üçün deyil, həm də radarların yoxlanması üçün nəzərdə tutulub. Hədəf PUA vurulmadıqda paraşütlə endirilərək təkrar istifadə edilə bilər”, – deyə Əhmədov vurğulayıb.

Ramin Əhmədovun sözlərinə görə reaktiv PUA-nın bazasında zərbə PUA-nın və antidron sistemin yaradılması üzərində işlər gedir. İkinci versiyada PUA havada digər PUA-ların ələ keçirilməsini həyata keçirəcək”.

Ramin Əhmədov bildirib ki, BAT tərəfindən Azərbaycanın ordu və güc strukturlarına təqdim edilən məhsullar qiymət baxımından xarici analoqlarından 5-10 dəfə ucuz, keyfiyyət baxımından 3-4 dəfə yaxşıdır.