15/05/2018 11:52

Azərbaycan-Türkiyə taktiki təlimində iştirak edəcək qüvvələr Qarsa yola salınıb

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, mayın 29-dan 31-dək Qars şəhərində keçiriləcək Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

“AzeriDefence” AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 10-da Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən bayraq təhvil verildikdən sonra bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.

Mayın 13-də “Ümid” körpüsündə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi olub. Mərasimdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib. Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Əlahiddə Ümumqoşun Ordunun Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları Qars şəhərinə yola salınıb.

Qeyd edək ki, 2012-ci ildən başlayaraq hər il Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri keçirilir. Tabor səviyyəsində bundan əvvəlki təlim Bakıda və Naxçıvan Muxtar Respublikasında keçirilib.