17/05/2018 17:15

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə nümayəndə heyətləri Ali Hərbi Məktəbin ərazisində Ulu Öndərin şərəfinə ucaldılan abidənin önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər.

Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov qonaqları salamlayaraq bu görüşün əhəmiyyətindən danışıb. O, bu cür görüşlərin hərbi təhsil müəssisələrinin zabit-müəllim heyətləri arasında dostluğun daha da möhkəmləndirilməsinə, eləcə də hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələr üzrə əlaqələrin genişləndirilməsinə mühüm təkan verəcəyinə əminliyini bildirib.

Türkiyə Quru Qoşunları Məktəbinin rəisi briqada generalı İsmayıl Güzeller və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru polkovnik Zaza Caparidze vurğulayıblar ki, bu cür tədbirlərin keçirilməsi hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə proqramların, layihələrin reallaşdırılmasına layiqli töhfələr verəcəkdir.

Tərəflər gələcəkdə də bu cür görüşlərin davamlı olmasını, daha geniş formatda keçirilməsini arzulayıb, hər zaman qardaş dövlətlərin müsbət təcrübələrindən öyrənməyə, onlarla birgə işləməyə hazır olduqlarını və bundan böyük qürur hissi keçirdiklərini ifadə ediblər.

Sonra Azərbaycan Ali Hərbi Məktəbinin, Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin və Gürcüstan Milli Müdafiə Akademiyasının yaranma tarixi, onların keçdikləri inkişaf mərhələləri, təlim-tədris prosesləri barədə brifinqlər təqdim olunub.

Qonaqlar Ali Hərbi Məktəbin trenajor zalında, siniflərdə və zirehli texnika anbarında olub, təhsil ocağındakı tədris prosesi ilə yaxından maraqlanıblar.

Sonda görüşün yekunlarına dair birgə protokol imzalanıb.