22/11/2019 11:06

Azərbaycan və Bolqarıstan arasında sərhəd məsələləri üzrə əməkdaşlıq sazişi imzalanıb

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanda səfərdə olan Bolqarıstanın Daxili İşlər Naziri Mladen Marinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub, transsərhəd cinayətkarlıqla mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Nümayəndə heyətləri regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi aparıb, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizənin aparılması, sərhəd mühafizəsi və nəzarəti sahəsində praktiki fəaliyyətlərin, aidiyyəti sahələr üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi daxil olmaqla sərhəd əməkdaşlığının inkişaf etdirilməsinin Azərbaycan ilə Bolqarıstan arasında mövcud münasibətlərə əhəmiyyətli töhfə verə biləcəyini vurğulayıblar.

Görüş çərçivəsində “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Saziş” imzalanıb.