02/08/2018 14:49

Azərbaycan və Əfqanıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Avqustun 2-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan Əfqanıstan Prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Yəhya Musayev Azərbaycan ilə Əfqanıstan arasında müxtəlif sahələrdə inkişaf edən əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayıb. Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib. Görüşdə həmçinin iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə müdafiə sənayesi üzrə əməkdaşlığa dair protokol imzalanıb.

Nümayəndə heyətinin başçısı Mohammad Şaker Kargar qəbula görə minnətdarlığını bildirib. Əfqanıstanın Azərbaycandakı Səfirliyinin nümayəndələri də görüşdə iştirak ediblər. Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub və istehsal prosesini yaxından izləyiblər.