20/07/2018 20:46

Azərbaycan və Fransa arasında kosmos və aviasiya sahəsində müqavilələr imzalanıb

Prezident İlham Əliyevin Fransaya səfəri çərçivəsində Azərbaycanla Fransa arasında bir neçə istiqamət üzrə əməkdaşlığa dair sənədlər imzalanıb.

“AzeriDefence”nin “AzərTAC” agentliyinə istinadən verdiyi məlumata görə, keçirilən görüşlərdə neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub.

Səfər çərçivəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “SUEZ Group” arasında operativ təlim, know-how transfer və texniki yardım üzrə 2014-cü il tarixli Xidməti Müqaviləyə 2 nömrəli Əlavə, “Azərsu” ASC və “SUEZ Group” arasında Sumqayıt şəhərində suyun və su itkisinin idarə olunmasına dair Niyyət Sazişi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində əməkdaşlıq fəaliyyətinə dair Çərçivə Sazişi imzalanıb.

Daha sonra “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Thales” şirkəti arasında mülki aviasiya sahəsində sənaye əməkdaşlığı haqqında Anlaşma Memorandumu, “Azərbaycan Hava Yolları” QSC və “Modern Construction Group”, “Thales” şirkəti arasında Heydər Əliyev Beynəlxalq Aeroportu üçün radiolakasiya sisteminin quraşdırılması müqaviləsi, “Azərbaycan Hava Yolları” QSC və “Thales” şirkəti arasında “Azərbaycan Hava Yolları” QSC-nin kibertəhlükəsizliyi üçün tam təhlilin hazırlanması müqaviləsi, “Azərbaycan Hava Yolları” QSC və “Thales” şirkəti arasında “Azeraeronaviqasiya” Hava Hərəkəti İdarəsində kibertəhlükəsizliyin təmini üçün tam təhlilin hazırlanması müqaviləsi və “Azərbaycan Hava Yolları” QSC ilə “Thales” şirkəti arasında uçuş heyətləri üçün inteqrasiya edilmiş brifinq sisteminin yaradılması üzrə Niyyət Məktubu imzalanıb.